Biotibbi texnologiya mühəndisliyi

     Yüz illərdir olduqca sadə və təbii metodlarla istifadə olunan səhiyyə xidmətləri elm və texnologiyanın inkişafına paralel olaraq əvvəlcə sadə texnologiya məhsullarının istifadəsinə başlamış, daha sonra həm istifadə olunan metodlar, həm də tətbiq olunan texnoloji məhsullar sürətli və daimi inkişaf yoluna qədəm qoyaraq təkmilləşdirilmiş, yenilənmiş və ən nahayət mürəkkəbləşmişdir. Bu tsikilin baş verməsində əvəzsiz rol biotibbi texnologiyalara (biotibbi texnika) aiddir.
     Son on ildə aparılan elmi tədqiqat işlərinə nəzər saldıqda görərik ki, bu işlərin böyük bir hissəsi biotibbi texnologiya sahəsinə yönəlmişdir. Aparılan fundamental tədqiqatların mərkəzində insan sağlamlığının dayanması tədqiqatlara marağın artmasına, maliyyə qoyuluşuna və nəticələrin tətbiqi zərurətinin yaranmasına səbəb olmuşdur. Yuxarıda da qeyd olunduğu kimi  mühəndis təffəkürünə, lazım gələndə isə tibbyönümlü təfəkkürə malik kadrların yetişdirilməsi artıq günün tələbinə çevrilmişdir. İxtisaslı kadrların yetişdirilməsi məsələsinə kompleks yanaşılmalıdır. Yəni biotibbi texnologiyalar mühəndisliyi  üzrə kadr hazırlığında bu mühəndislik sahəsi ilə yanaşı digər mühəndislik sahələrinin də prinsip və qaydalarından istifadə olunur. İxtisasın mahiyyətini və onun məğzini izah etmək üçün əvvəlcə məsələyə mühəndis nöqteyi nəzərindən yanaşaraq,  “Biotibbi texnologiya mühəndisi kimdir?” sualını vermək lazımdır. 
     İlk öncə mühəndisliyə tərif verməli, sonradan bu iki sahənin inteqrasiyasından danışmalıyıq. Mühəndislik, cəmiyyətdə var olan və ya gələcəkdə yarana biləcək problemlərə iqtisadi baxımdan daha səmərəli həll yolunun tapılması istiqamətində işlər görən sahədir. Biotibbi texnika mühəndisliyi isə konkret tibb və biologiya sahəsində yaranan problemlərə mühəndislik prinsip və qaydalar məcmusunun məqsədyönlü tətbiqidir. Bir sözlə, səhiyyə sahəsindəki problemlərin həllinə yönəlmiş elektrik, mexanika, elektronika, kompüter, kimya və s. mühəndislik sahələrinin anlayış və məlumat bazalarının istifadəsilə məşğul olan mühəndislik sahəsi biotibbi texnologiyalar mühəndisliyidir
     XX əsrdə bir çox sahədə olduğu kimi tibb sahəsində də əhəmiyyətli inkişaf baş vermiş, bu inkişaf nəticəsində də diaqnostika və müalicəvi istiqamətli xidmətlərin keyfiyyəti böyük ölçüdə artmışdır. 1950-ci illərdə qamma kameralar, 1970-ci illərin əvvələrində kompüterli tomoqrafiya və 1980-ci illərdə maqnit rezonans cihazlarının tibb sahəsində istifadəyə daxil olması, 1970-ci illərdə mikroprosessor texnologiyasının istifadə edilməyə başlaması xəstəxanalarda istifadə edilən cihazların xüsusiyyət və xarakteristikalarında dəyişikliklərə səbəb olmuşdur. Elektronika  və kompüter texnologiyasındakı inkişafların nəticəsi olaraq yüksək texnologiya məhsulu sayılan tibbi cihazlar say və növ cəhətdən sürətlə çoxalmışdır. Bu qısa müddətdə kompüterli tomoqrafiya, maqnit rezonans, nüvə təbabəti və ultrasəs vizuallaşdırma sistemləri, rəngli ultrasəsli fiber endoskoplar, müxtəlif lazer cihazları və buna oxşar sağlamlığn qorunmasına və bərpa edilməsinə xidmət edən bu və ya digər qurğuları kimi səhiyyə ilə əlaqəli yeni cihaz texnologiyaları meydana çıxmışdır. Tibbi cihazların istehsal xərclərinin azalması yüksək texnologiya məhsulu sayılan tibbi cihazların daha geniş şəkildə istifadə edilməsi üçün əlverişli şərait yaratdı. Bu kontekstdə ən son texnologiyaları istifadə edən həkimlər və bu cihazları istehsal edən texniki heyət arasında körpü rolunu oynayacaq, hadisələri həm həkim, həm də mühəndislik nöqteyi nəzərindən qiymətləndirəcək yeni texniki heyətə təlabat yaranmışdır. Bu tələblər mühəndislik fəaliyyətini daha da inkişaf etdirmiş və yeni disiplinlərin yaranmasına səbəb olmuşdur. Bu budaqlardan biotibbi mühəndislik universitetlərdə, tədqiqat mərkəzlərində geniş tətbiq sahəsi tapmışdır. Biotibbi mühəndislik biotibbi sistemlərin analizi ilə diaqnostika və müalicə cihazlarına istiqamətlənmiş tədqiqat-inkişaf etdirmə və layihələndirmə mövzularını əhatə edir.
Biotibbi  mühəndislik ilə əlaqədar tədqiqat sahələri aşağıda qeyd olunmuşdur: 
Mühəndislikdə sistem analizi və modelləşdirmə texnikalarının bioloji sistemlərə tətbiq olunması  
► Fizioloji sistemlərin parametrlərinin ölçülməsi və monitorizasiyası
► Bioelektrik məlumatlarla əlaqədar siqnal emal metodlarının diaqnostik məqsədlər üçün istifadəsi
► Xəstə ilə əlaqədar məlumatların kompüter analizi
► Müalicəvi məqsədli üsul və sistemlər
► Tibbi vizuallaşdırma sistemlərinin inkişaf etdirilməsi
► Kompüter vasitəsilə diaqnozun qoyulması istiqamətli metodların işlənməsi

     Biotibbi texnologiya mühəndisliyinə ümumi bir məfhum kimi yanaşsaq, onda ixtisasın alt strukturunu üzə çıxarmış olarıq. Bu sahədə aparılan ilkin tədqiqatlarda biotibbi texnologiya mühəndisliyinin hansı elm qrupuna (tibb və ya mühəndislik sahəsi) aid olması sualı meydana çıxmışdır. Elm adamlarında bir növ mübahisəyə səbəb olan məsələyə Amerika Elmlər Akademiyası sonlandırdı. Belə ki, 1971-ci ildə dərc olunan bir məqalədə ixtisasın mühəndislik elmlər qrupuna aid olması yaranan mübahisələrə son qoydu. Bu məqalədə eyni zamanda ixtisasın ilk klasifikasiyası da qeyd olunmuşdur. Belə ki, burada ixtisası klinik mühəndislik, tibbi mühəndislik və bioloji mühəndislik (biotexnogiya) olmaqla üç istiqamətə ayırılmışdır.
     Növbəti mərhələrlədə biotibbi texnika sahəsinə maraq artmış, buna paralel olaraq da müxtəlif fikirlər, iradlar və təkliflər meydana çıxmışdır. Artıq “Tibbi cihaz” anlayışı formalaşmağa başlamışdır. Bu anlayışa düzgün tərif və elmi tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə 1992-ci ildə yaradılmış Qlobal Uyğunlaşdırma İşçi Qrupu (Global Harmonization Task ForceGHTF) 2005-ci ildə tibbi cihaz anlayışına açıqlıq gətirmişdir.
     Tibbi cihaz, insanda istifadə olunduqlarında əsl funksiyasını farmokoloji, imunoloji və ya metabolik təsirlərlə reallaşdıran, lakin funksiyasını yerinə yetirərkən bu təsirlər tərəfindən dəstəklənən və insan üzərində:
► xəstəliklərin diaqnostikası, prafilaktikası, monitorinqi və yaxşılaşdırılması,
► xəsarət alma halında diaqnostika, monitorinq, müalicə və yaxşılaşdırılması,
► anatomik və fizioli prosesin araşdırılması, dəyişdirilməsi və ya yerinə başqa bir alternativ həll yollarının təqdim olunması,
► həyat fəaliyyətinin təmin olunması,
► layihələndirmənin idarə olunması,
► tibbi və ya diaqnostik məqsədli verilənlər bazasının yaradılması

məqsədilə inkişaf etdirilmiş hər hansı bir aparat, maşın, cihaz, sistem, implant, invitro reaktivlər ya kalibratorlar, proqram təminatı, materiallar oxşarı tətbiqlərdir.
     Biotibbi texnika istiqamətli kadr hazırlığında əsasən yuxarıda sadalanan məqamların reallaşmasına kömək olan kompetensiyaların təhsil alanlara catdırılması məqsədlənir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ali məktəblərində “Biomedical engineering” adı altında ixtisas hazırlığı həyata keçirilir. Azərbaycan ali təhsilində (AzTU, ADNSU )  “Biotibbi texnologiyalar mühəndisliyi” ixtisası üzrə kadr hazırlığı aparılır. Ölkəmizdə  Biotibbi texnologiyalar mühəndisliyi ixtisasnda tədris olunan proqrama və dolayısı ilə tələbələrə qazandırılan səriştələrə nəzər saldıqda, görmək olar ki, AEA-sının təklif etdiyi klasifikasiyaya görə əslində klinik mühəndislik sahəsi üzrə kadr hazırlığı aparılır. Klinik mühəndislərin əsas vəzifələrini aşağıdakı kimi sıralaya bilərik:
► Xəstəxanadakı mövcud cihazların  məhsuldarlığı və təhlükəsiz şəraitdə işləməsini təmin etmək;
► Cihazların xəstəxana və sağlamlıq mərkəzlərində işləyən personalın ehtiyaclarına cavab verməsini təmin etmək;
► Cihazların texniki cəhətdən struktur parametrlərinin inkişaf etdirilməsi, onların satışı və satış sonrası quraşdırılması xidmətlərini təmin etmək. 

Məqalə Qadir Qafar, Sahib Valehov tərəfindən hazırlanmışdır. 

Qeyd:  

* Foto www.iupui.edu ünvanından götürülmüşdür 

* Mətnin hazırlanmasında www.jurnal.vet.edu.az ünvanındakı məlumatlardan istifadə edilmişdir

Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.